Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinə yekun vurulub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən idmançılar Şamaxı İdman Olimpiya Kompleksində 5 kateqoriya üzrə yarışıblar. Kişilərin şəxsi yarışının finalında badmintonçumuz Diki Pangestu türkiyəli Əmrə Laləyə 2:1 hesabı ilə qalib gələrək, turnirin qızıl medalına sahib çıxıb.
Qadınların şəxsi yarışının həlledici duelində Türkiyə təmsilçisi Özgə Bayrak idmançımız Era Maftuhanı hər iki setdə üstələyib. Kişilərin qoşa yarışında Sərhat Salim-Yusuf Ramazan tandemi Diki Pangestu-Muhammed Kadafi cütünə 2:1 hesabı ilə qalib gəlib. Qadınların qoşa yarışında türkiyəlilər İlayda Nur-Sare Ece dueti finalda Aişa Zumabek-Nargiza Raxmatullayeva cütlüyünü hər iki setdə məğlub edərək, qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında isə badmintonçularımız Muhammed Kadafi-Era Maftuha ikilisi həlledici görüşdə Buğra Aktaş-Sinem Yıldız tandemini 2:0 hesabı ilə məğlub edib.Sonda qaliblər mükafatlandırılıblar.
Cümə axşamı, 09 Noyabr 2023 14:26