Qax sakini fermer Müşfiq Sultanovun böyük fındıqçılıq sahəsi var. O və ailəsi hər il bu bağdan topladığı fındıqla dolanır. Bu il də Müşfiq Sultanovun bağdan böyük gözləntiləri var idi. Ancaq onu xoş olmayan hadisə gözləyirdi. İllərdir fındıqçılıqla məşğul olan Qaxlı fermer Müşfiq Sultanov bu il də sahəsindən bol məhsul götürəcəyinə ümid edirdi. Fındıq bağlarında bol və keyfiyyətli məhsul var idi. Ancaq məhsulun yığılmasına bir neçə gün qalmış bağa gələn fermer məhsulunun bir anda yoxa çıxdığını görür. Müşfiq Sultanov eyni zamanda təsərrüfatının təbii fəlakətlərdən də əziyyət çəkdiyini deyir. Fermer yağış, dolu, güclü külək və sair fəlakətlərin məhsuldarlığa ciddi ziyan vurduğunu bildirir. Fermerimizin bu günə qədər niyə sahəsini sığortalatmadığına cəldikdə isə Müşfiq Sultanov bundan xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, qanunvericiliyə görə, Azərbaycanda aqrar sığorta vasitəsilə 41 bitki sığortalana bilər ki, onlardan biri də fındıqdır. Ancaq əksər fermerlər Müşfiq Sultanov kimi hələ də ya sığortadan xəbərsizdirlər ya da sığortanın şərtləri ilə tanış deyillər. Belə ki, fermerlərin böyük bir hissəsi sığortanın yalnız onların məhsullarını təbii fəlakətlərə qarşı qoruduğunu düşünür. Lakin bura oğurluğa görə də ödənişlərin daxil olduğundan əksər fermerlər məlumatsızdır. Sahəsini sığortaladan və oğurluq halı ilə rastlaşan fermerlər onlara dəymiş ziyanı geri ala bilərlər. Ancaq bunun üçün sahədən oğurluq edildiyi müvafiq orqanlar tərəfindən təsbit edilməlidir. Bu halda fermer hətta üzərindən bir neçə ay keçməsinə baxmayaraq sığorta üçün müraciət edə bilər. Aqrar sığorta vasitəsilə həm fındıq məhsulunu, həm də fındıq ağacını sığorta etmək olar. Fındıq məhsulunun sığortalanması üzrə sığorta haqqı ölkənin regionlarından asılı olaraq fərqlənir. Məsələn, Şəki-Zaqatala ərazisində 1 hektar sahədən təqribən 6000 manatlıq fındıq məhsulu yığılan sahənin sığortalanması üçün sığorta haqqı 240 manat təşkil edir. Bu məbləğin 50%-ni, yəni 120 manatını fermerlərə dəstək üçün dövlət ödəyir, fermer isə yalnız 120 manat ödəməklə bağını sığorta edə bilir.