Yaponiyadan olan bir qrup investor Şəkiyə səfərə gəlib. Səfərin məqsədi Şəkinin sənaye, turizm, ümumilikdə iqtisadi potensialı ilə tanışlıqdır. Səfər çərçivəsində investorlar əvvəlcə şəhərin qədim tarixi hissəsini - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu gəziblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər tarixi abidələr barədə qonaqlara ətraflı məlumat verilib.
Yapon qonaqlar Şəki sənətkarlarının əli işləri ilə tanış olublar. Şəki ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Qonaqlar həmçinin yapon sərmayəsi ilə fəaliyyət göstərən istehsal müəssisələrinə baxış keçiriblər. Belə müəssisələrdən biri olan tütün qurutma müəssisəsində iş prosesi ilə tanış olublar.
Bildirilib ki, təkcə tütünçülük sahəsində yapon investisiyasının həcmi region üzrə 20 milyon manat, Şəkidə isə 6.5 milyon manatdır. Sevindirici haldır ki, Şəkidə istehsal olunan tütün artıq İtaliya, Almaniya, Bolqarıstan kimi dünyanın bir çox ölkələrinə ixrac edilir. İnvestorlar bu səfərdən məmnunluqlarını və Şəkidə biznes fürsətlərinin olduğu qənaətinə gəldiklərini söyləyiblər.