Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı tərəfindən konfrans keçirilib. Konfransda Qax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri, millət vəkili və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransda ilk öncə Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş olunub. “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda məruzə dinlənilib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolundan bəhs edilib. Sonda partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri, təşkilatın fəal üzvlərinə fəxri fərmanlar təqdim olunub.