Yaxın günlərdə əkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə başlanacaq. Bu barədə İsmayıllı rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbirdə bildirilib. Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb. İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamağın mümkünlyünə diqqət çəkilib. Vurğulanıb ki, Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir. Həmçinin o da bildirilib ki, Dağlıq Şirvan regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın sığorta ödənişi edilib. Sonda fermer və təsərrüfat sahiblərinin sual və təklifləri dinlənilib,fikir mübadiləsi aparılıb.