Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır. 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəkidə də ümumrayon tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləti, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və qazilər səhər saatlarında Şəhidlər xiyabanını, daha sonra Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin Xatirə Kompleksinin qarşısında davam edən anım tədbirində çıxış edənlər bildirib ki, Vətən uğrunda canını fəda edən şəhidlərimiz heç zaman unudulmayacaq.
Şəki Rayon Psixiatriya Xəstəxanasında da Anım Günü qeyd edilib. Tədbirdə xəstəxananın əməkdaşları, qazilər, şəhid ailələri iştirak edib. Çıxışlarda bildirilib ki, şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızla yanaşı, tibb işçilərimiz də misilsiz şücaət göstərərək öz adlarını şərəfli tariximizin şanlı səhifələrinə yazıblar. Sonra şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Saat 12:00-da isə şəhər ərazisində Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Anım Günü ilə əlaqədar Zaqatalada da keçirilən ümumrayon tədbirində rayon rəsmiləri və şəhid ailələri iştirak edibş İştirskçılar əvvəlcə şəhid məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Zaqataladakı Zəfər kompleksinin önündə keçirilən tədbirdə çıxış edənlər Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Zaqatalada da Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Qax rayonunun Şəhidlər xiyabanında keçirilən Anım mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, qazilər və şəhid yaxınları Vətənin azadlığı ugrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər Vətən müharibəsində xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin göstərdikləri şücaətlərdən söhbətlər açıblar. Daha sonra şəhərin Gənclik parkında ağacəkmə aksiyası təşkil olunub.
Anım Günü ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında da tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, şəhid ailələri, müharibə iştirakçıları iştirak edib. Çıxış edənlər vurğulayıb ki, Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Ardınca şəhidlərimizin xatirəsinə ucaldılmış kompleks ziyarət edilib, şəhid məzarlarına gül dəstələri düzülüb. Sonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.
Vətən müharibəsinin üçüncü ildönümü Şamaxı rayonunda da qeyd olunub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və qazilər iştirak edib. Çıxış edənlər şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən yüksək diqqət və qayğının dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu bildiriblər. Daha sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Şamaxı Cümə Məscidindəölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib. Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.
Ağsu rayonunda da 27 Sentyabr – Anım günü böyük izdihamla qeyd olunub.Tədbirdə rayon rəhbərliyi,ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edib. Qəhrəmanlar Kompleksi və Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhid məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Rayon məktəblilərinin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib. Çıxış edənlər şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb, bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildiriblər. Daha sonra rayon rəsmiləri Vətən müharibəsi şəhid ailələrini yaşadıqları ünvanlarda ziyarət ediblər.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Kürdəmir rayonunda da ehtiramla yad edilib. Rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbiçiləri, şəhid ailələri və müharibə iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər. Çıxış edənlər Azərbaycan Ordusunun şücaəti sayəsində respublikanın ərazi bütövlüyünün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd ediblər. Sonda şagirdlərinin hazırladıqları ədəbi-bədi kompozisiya nümayiş olunub.