Yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib. Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib. Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin , Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəsmiləri məktəbdə yaradılan şəraitlə tanış olublar. 624 şagird yerlik yeni məktəb binası üçmərtəbəli 4 korpusdan ibarətdir. Bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün həm məktəbin daxilində idman zalı, həm də həyətyanı ərazidə açıq idman meydançası qurulub.
Yeni tədris ilində İsmayıllıda da yeni məktəb binaları istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina inşa olunub. 3 korpusdan ibarət təhsil ocağı zəruri avadanlıq, fənn kabinetləri və labaratoriyalar, eləcə də əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə və açıq idman meydançası da istifadəyə verilib.
Qəbələnin Nic qəsəbəsində də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 1 nömrəli tam orta məktəbin binası şagirdlərin istifadəsinə verilib. Açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Elm və Təhsil naziri Emin Əmrullayev ələcə də Qəbələ rayon icra hakimiyyətininrəsmiləri, təhsil işçiləri iştirak ediblər. 2 mərtəbəli 200 şagird yerlik məktəbdəki fənn kabinetləri və laboratoriyalar lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Həmçinin kitabxana, yeməkxana, akt və idman zalı , açıq idman meydançası da şagird və müəllimlərin istifadəsinə verilib.
Qeyd edək ki, yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib.