Şəki şəhərində baş tutan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi başa çatdı. 26-30 iyul tarixlərində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Vəkillər Kollegiyasının və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 55 gənc hüquqşünas iştirak edib. Yay məktəbində iştirakçıların peşəkar biliklərin artırılması məqsədi ilə prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları, natiqlik qabiliyyətinin yaxşılaşdırılması və digər sahələr üzrə təlimlər keçirilib. Düşərgə müddətində eyni zamanda gənc hüquqşünaslar üçün təcrübəli vəkillərin iştirakı ilə “Karyera söhbətləri” və səhnələşdirilmiş Məhkəmə Müsabiqəsi də təşkil edilib. Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.