Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalın növbəti günündə Heydər Əliyev Konqres Mərkəzində Azərbaycanın tanınmış, gənc xanəndələri Mirələm Mirələmov və Kamilə Nəbiyevanın iştirakı ilə konsert proqramı təqdim olunub. Gənc muğam ifaçıları öz möhtəşəm ifaları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Gənc və istedadlı xanəndələrin ifa etdikləri “Şur”, “Segah”, “Bayatı-Şiraz” təsnifləri, N.Feyzullayevin “Ay qız”, E.Sabitoğlunun “Əsən yellər” və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Tanınmış xanəndələri tarda Zəki Vəliyev, kamançada Elnur Mikayılov, balabanda İdris Tağıyev, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.