Çərşənbə, 19 İyul 2023 16:15

Qəzalı binanın çarəsiz sakinləri...

İndi isə Şəki şəhərində yerləşən uçma təhlükəsi altında olan binada yaşamağa məcbur olan çarəsiz sakinlərdən danışacağıq. 190-dan artıq sakin dəfələrlə aidiyyatı qurumlara yaşadıqları binadakı dözülməz vəziyyətlə bağlı müraciət etdiklərini bildirirlər. Yarım əsrdən artıq yaşı olan binada gəzəndə döşəmədən tutmuş aynalara divarlara qədər silkələndiyini hiss edirsən və tez bu qorxulu məkanı tərk etməyə çalışırsan. Sakinlərin hər anını qorxu içində yaşadıqları bu bina Şəki şəhərinin mərkəzində İstiqlaliyyət prospekti 313 ünvanında yerləşən yataqxana binasıdır. Bina 1958-ci ildə İpək kombinatının subay işçi personalı üçün tikilərək istimara verilib. 2022-ci ildə Fövqəladə Hallar nazirliyinin ekspert qrupu tərəfindən aparılan texniki baxış aktında bildirilib ki, bina yaşayış üçün yararsızdır və sakinlər təcili olaraq təxliyyə olunmalıdır. Şəkini təmsil edən millət vəkili Vüqar İskəndərov da Milli Məclisin iclaslarında, həmçinin mətbuatda bu məsələni dəfələrlə qaldırıb. Şəki Şəhər Memarlıq idarəsindən isə bildirildi ki, həmin sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramı nəzərdə tutulur. 2022-ci ilin sonunda şəhər icra hakimiyyəti ilə maliyyə nazirliyi tərəfindən müvafiq layihə də hazırlanıb. Beləliklə qalır layihənin Nazirlər kabineti tərəfindən təsdiqlənməsi və dövlət proqramına salınması. Sakinlər isə binadan köçürüləcəkləri və sonunda qorxmadan rahat şəkildə yaşayacaqları yeni mənzillərində məskunlaşacaqları günü səbirsizliklə gözləyirlər. Rəsmilərin sözlərinə görə 2024-cü ildən sonra onların gözləntiləri həyata keçəcək. Ümid edək ki, o zamanadək qəzalı bina onlarla insan itkisinə səbəb olacaq faciənin qarşısını almaq üçün ayaq üstə durmağa güc tapar.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S