Şəkidə park dedikdə ağla ağacları budanmaqdan kölgəsiz qalan, fəvvarələrin çox zaman işləmədiyi, oturacaqları qırıq məkanlar yada düşür. 190 min əhalisi olan rayonda uşaqların əylənəcəyi, böyüklərin dincələcəyi parkların əksəriyyəti çayxanalar tərəfindən istismar edilib. Hazırda insanların əksəriyyətinin üz tutduğu yeganə park Mirzə Fətəli Axundov adına parkdır ki, burda köhnə, digərlərinə nisbətən işlək vəziyyətdə olan atraksionlar fəaliyyət göstərir. Məhz bu səbəbdən bayram günlərində bu parkda hədsiz insan sıxlığı yaşanır. Yaşıllığa gəldikdə isə insanların kölgəsinə yığışdığı hündür ağacların anormal şəkildə budanmasından sonra parkda çox az sayda yaşıllıq ərazi qalıb. Şəkinin Məhəmməd Füzuli parkında da vəziyyət fərqli deyil. Parkın girişinə Məhəmməd Füzulinin büstünün olduğu yer isə boş qalıb. Şəki şəhər kommunal təsərrüfat istehsalat birliyindən bildirildi ki, şəhərin aşağı hissəsində, yeni salınmış olimpiya məhəlləsində 3 hektar yeni park ərazisinin salınması planlaşdırılır. Parklardakı oturacaqların azlığı məsələsi barədə isə baxış keçirilib nəzarətə götürüləcəyi, ehtiyac varsa yeni oturacaqların quraşdırılacağı vurğulandı. Məhəmməd Füzuli parkında büstün olmaması məsələsinə gəlincə, Regional Mədəniyyət şöbəsindən tezliklə yeni büstün yerləşdiriləcəyi bildirildi.