Səfər çərçivəsində Şəki şəhər icra hakimiyyəti başçısı ilə görüş keçirilib. İlk öncə səfirə Şəki, onun tarixi, mədəniyyət nümunələri və mətbəxi barədə məlumat verilib. Qeyd edilib ki, Şəki həmçinin festivallar şəhəridir və il ərzində burada bir neçə beynəlxalq festival keçirilir. Daha sonra bir sıra mövzular ətrafında müzakirələr aparılıb. Koreya Respublikasına Şəkidə istehsal olan və ixrac edilə biləcək məhsullar haqda danışılıb. Lavanda yağının, Şəki şərablarının və başqa məhsulların Koreyaya ixracı müzakirə olunub. Səfir də öz növbəsində Koreya Respublikasının Azərbaycanla qarşılıqlı əməkdaşlığa böyük diqqət və önəm verdiyini qeyd edib. Eyni zamanda turizm sahəsi də müzakirə edilən mövzulardan biri olub. Səfir Li İn-Yonq Koreydan çox sayda turistin Azərbayacana səfərə gəldiyini və hər il bu rəqəmin artdığını bildirib. Görüşün sonunda tərəflər bir birilərinə müxtəlif hədiyyələr veriblər.