Ölkənin dilbər güşələrindən biri olan Şəkinin tarixi şəhər olması ilə yanaşı yaşıllıqları da turistləri cəzb edən gözəlliyidir. Ancaq studiyamıza müraciət edən şəhər sakinləri şikayətlənir ki, quruyan və təhlükə saçan ağaclara toxunulmur, əksinə yaşıl ağaclar bütün budaqları kəsilərək quruma riski ilə qarşı qarşıya buraxılır. Beləliklə də şəhər özünün yaşıl libasından məhrum olur. Bizdə vəziyyətin nə yerdə olduğunu öyrənməyə çalışdıq. Gəlin birgə izləyək... Şəki küçələrində qısa gəzinti zamanı kimlərinsə ya qəsdən ya da səriştəsizlikdən sanki bu gözəlliyə qənim kəsildiyinin şahidi olursan. Şəhərdə budama adı altında yaşıl ağaclar məhv edilir. Ekspert Dilbazi Cəmilov bildirib ki, ağacların budanması həm vaxtsız, həm də normalara uyğun olmadan aparılır. Məsələyə münasibət bildirən Dövlət Ekoloji Ekspertiza Agentliyindən də ağacların bu cür budanmasının tamamilə yolverilməz olduğu və aqrotexniki qaydaların kobud şəkildə pozulduğu deyildi. Şəki şəhərində yaşıllıqlara və parklara xidmət göstərən şəhər komunal təsərrüfat birliyindən isə bildirilən iradlarla razılaşmayıblar və bildirilib ki, onlar budamanı yalnız verilən rəy əsasında həyata keçirirlər. Beləliklə deyilənlərə inansaq hər kəs işini qaydalara uyğun görür. Ancaq reallıqda aqrotexniki qaydaların pozulması ilə aparılan və ağacların qurumasına səbəb olan budanma var. Və bu cür dırnaq arası qulluq işləri davam edərsə bir müddət sonra Şəki şəhərində gözəl çətirli yaşıl ağac tapmaq müşgülə çevriləcək. Ümid edək ki, parklarda və küçələrdə kölgəsində dinəcələ biləcəyimiz ağaclar yoxa çıxmadan aidiyyat qurumlar budanma işini peşəkarlıqla aparmağa başlayarlar.