Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə “Yuxarı Karvansaray” mehmanxana-kompleksində “Zirvə” Folklor Ansamblının konserti olub. Əvvəlcə Ansambl haqqında məlumat verilib. Qeyd olunub ki, ansamblın üzvləri qədim milli xalq çalğı alətlərində - tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Ardınca ansamblın ifaları rəğbətlə qarşılanıb. Festivalın bağlanış mərasimində isə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər. Əvvəlcə məlumat verilib ki, Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. Konsert Vasif Adıgözəlovun “Vətən süitası” ilə başlayıb. Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artist Ehtiram Hüseynovun, solistlər Muğam Televiziya müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Vəfa Vəzirova, Samir Piriyev, Taleh Yahyayev və Nurlana Abdullayevanın, kamança ifaçısı Əməkdar artist Xəyyam Məmmədovun təqdim etdikləri bəstəkar və xalq mahnıları, rəqqasların şux və oynaq rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Konsert proqramı başa çatdıqdan sonra Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə festivalın simvolu təqdim edilib.Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim edib. “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.