Cümə, 07 İyul 2023 20:17

Özbəkistanın “Nurəfşan” ansamblının çıxışı maraqla qarşılanıb...

Uğurla davam edən Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 6-da axşam musiqisevərlərə Özbəkistan Respublikası Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının konserti təqdim olunub. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, festivalın təşkilatçı qurumlarının, həmçinin TÜRKSOY təşkilatının nümayəndələri, musiqisevərlər iştirak ediblər. Festival çərçivəsində Şəkidə “Şəhər günü” qeyd olunub. Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan bayram tədbirinin proqramı maraqlı və rəngarəng olub. Bayram tədbirinin təntənəli açılış mərasimi Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda təşkil olunub. Çıxışlarda vurğulanıb ki, 2711 illik tarixə, qədim mədəniyyətə malik olan Şəki  bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub.  Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib. Rəsmi hissənin ardınca Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Türkiyənin Safranbolu bələdiyyəsinin Xalq Oyunları qrupunun çıxışları tədbirə rəng qatıb. Şəhər rəhbərliyi tərəfindən ifaçı və kollektivlərə, həmçinin festival münasibətilə təşkil olunan idman yarışlarının qaliblərinə xatirə hədiyyələri və mükafatlar təqdim edilib. “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə tamaşaçılara Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olunub. Konsert Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilib. Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb. Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur.Konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər Marşı” əsəri ilə başlayıb. Solistlər Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Üzeyir Hacıbəyli, Ramiz Mirişli, Fikrət Əmirov və digər Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S