Zaqatalada bədbəxt hadisə yaşanıb. Ailəsi ilə rayona gəzməyə gedən 11 yaşlı yeniyetmə dünyasını dəyişib. İmişli rayon sakini Dəniz Nuri zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi xəstəxanasına daxil olub. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı bəzi təfərrüatlar da məlum olub. Belə ki, əslən İmişli rayonundan olan 11 yaşlı qız ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb. Zaqatalaya gəlməzdən əvvəl onlar Tovuz və Şəki rayonlarında olublar. Yeniyetmənin səhhətində olan problemlərlə bağlı Tovuz və Şəki rayonlarının xəstəxanalarına da müraciət olunub. Daha sonra isə Zaqatalanın Bəhmətli kəndinə qonaq gəliblər. Bu gün saat 11 radələrində uşağın səhhətində olan problemlərlə bağlı ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcilli yardım şöbəsinə müraciət olunub. O, xəstəxanaya daxil olduqdan 20-25 dəqiqə sonra bioloji ölüm qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.