Bu gün axşam saatlarında Yevlax Zaqatala avtomobil yolunun Şəki şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan “Reno” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 30 yaşlı Azər Murtuzov və Şəki rayonu Suçma kənd sakini 4 yaşlı Sədəf Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsü Nazim Unarov və daha iki sərnişin - qəza zamanı dünyasını dəyişən azyaşlı Sədəfin atası, 33 yaşlı Şəki sakini Dilqəm Seyidəliyev və 22 yaşlı Beyləqən sakini Əşrəf Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb və ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.