Bu ildən artıq müstəqillik dövründə ilk dəfə olaraq respublikamızda yerli üzüm sortları istehsal olunub. Beləliklə, üzüm tinginə olan təlabat yerli istehsal hesabına təmin ediləcək, xaricdən asılılıq aradan qalxacaq. Bayanşirə, Mədrəsə, Xindoqnı, Arna-qrna, Şirvanşahıdan ibarət fillokseraya davamlı, bioloji cəhətdən təmiz calaq tinglərin istehsalına başlanılıb. Calaq - tinglərin çıxım faizi qənaətbəxşdir və birillik zoğları normal inkişaf edib.Keyfiyyətli, davamlı, bioloji və genetik cəhətdən təmiz əkin materalı olmadan sahədən iqtisadi baxımdan gəlirli məhsul götürmək mümkün deyil. Odur ki, yerli şəraitə uyğun, qiymətli yerli sortlardan əkin materialının əldə olunması ilə bu hədəfə nail olunacaq. Çox təssüf ki,indiyədək respublikada iri sənaye üzüm bağlarının salınması məqsədilə tinglər xaricdən - İtaliya, Fransa, Almaniya, Türkiyə, Serbiya, Gürcüstan, Moldovadan gətirilərək əkilirdi. Xaricdən alınan hər bir calaq - tingin dəyərinin isə 4-5 AZN olduğunu nəzərə alsaq, milyonlarla manat valyuta xaricə axmış olur. Qeyd edək ki, xaricdən gətirilən tinglər baha başa gəlməklə yanaşı, virus xəstəliklərinin daşıyıcısı olaraq yerli sortların həmin xəstəliklərə yoluxma təhlükəsini də artırır. Yerli sortların qorunmasına və milli brendlərin istehsalına da mənfi təsir göstərir. Həmçinin, xarici tinglərin ölkəyə gətirilməsində və əldə olunmasında fermerlər bir sıra çətinliklərlə qarşılaşırlar. Bu isə fermerlərin iqtisadi vəziyyətləri ilə uzlaşmır. Şamaxı Üzüm Tingçilik Mərkəzində istehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlıdır. Əsasən yerli və xarici olaraq süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarətdir. Yerli istehsal hesabına tingin qiymətinin aşağı düşməsi, o cümlədən rəqabətədavamlı məhsul istehsalına imkan verən, yüksəkkeyfiyyətli, abiotik və biotik amillərə nisbətən davamlı, virus xəstəliklərindən azad üzüm tinglərindən istifadə fermerlərin gəlirlərini xeyli artıracaq. Qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarından ibarət fillokseraya davamlı calaq - ting istehsalının təşkili üzümçülüyün inkişafına böyük təkan verəcək, milli brendlərin istehsalı artırılaraq respublikanın şərabçılıq üzrə ixrac potensialı yüksələcək, milli valyutanın xaricə axımının qarşısı alınacaq, beləliklə də, bu sahədə yeni istehsal müəssələri formalaşacaq. Qeyd edək ki, üzüm istehsalçıları, fermerlər, emal müəssisələri yerli sortlarla bərabər, maraq dairələrinə uyğun olaraq xarici üzüm sortlarından da calaq - tinglər əldə etmək üçün Şamaxı Üzüm Tingçilik Mərkəzinə əvvəlcədən sifariş verə biləcəklər.