Yay aylarında baş verən yol nəqliyyat hadisələrinin bir qismi, normadan artıq yüklənmiş avtomobillərin ehtiyatsızlığı ucbatından yaşanır. Belə ki, istər elektrik naqillərinə toxunaraq yanan yüklü avtomobillər, istərsə də yükərin digər nəqliyyat istifadəçilərinin üzərinə aşması nəticəsində təhlükəli şəraitin yaranması qaçılmaz olur. Ancaq yük daşımalarının da öz qaydaları var. Yük daşıma qaydalarının pozulmasına görə törədilmiş hər bir əməl nəticəsindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. Baş Dövlət Yol polisi idarəsindən də qanunvericilikdə nəzərdə tutulmuş ölçü parametrlərini aşmaqla, qablaşdırılmamış, xüsusilə tezalışan yük kateqoriyasına aid olan ot bağlamalarından ibarət yüklərin daşınmasına görə sürücülər haqqında çoxsaylı inzibati tədbirlərin görülməsinə baxmayaraq, bu cür qayda pozuntularını tez -tez müşahidə edildiyi bildirildi. Bir sözlə yollarda həm öz həm də digər nəqliyyat iştirakçılarının təhlükəsizliyini qorumaq üçün yük maşını sürücülərinin üzərinə böyük məsuliyyət düşür. Odur ki, bu sahədə daha yaxşı maarifləndirici işlərin görülməsinə ehtiyac var.