Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin üçüncü günü də yükunlaşdı. Şamaxıda imtahan prosesini Elm və Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, ADPU-nun Şamaxı filialının , Azərbaycan-Fransız Universitetinin və Yeni Azərbaycan Partiyasının rəsmiləri, eləcə də digər qonaqlar izləyiblər. Məlumat verilib ki, sertifikatlaşdırma imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə təşkil olunub. Şamaxı şəhərində keçirilən imtahanlara Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki Zaqatala regional təhsil idarələrinə aid müəssisələrdə çalışan müəllimlər cəlb olunublar. İmtahan prosesini izləyən qonaqlar qeyd edib ki, sertifikatlaşdırma təhsil sistemimiz üçün yenilik olmasına baxmayaraq, gələcək uğurlarımızın təməli kimi dəyərləndirilə bilər. Eyni zamanda bu proses inkişafa ehtiyacı olan istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq. Prosesin təşkilində məqsəd şagirdlər üçün ən yaxşı təhsili təmin edə bilməkdir. Sertifikatlaşdırma müəllimin öz üzərində mütəmadi işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır.