İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün İsmayıllıda torpaq və əmlak idarəçiliyinə həsr edilən zona müşavirəsi keçirib. Müşavirədə İsmayıllı, Qəbələ və Oğuz rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirdə İsmayıllı rayonu üzrə torpaqların elektron kadastr uçotu işləri elektron olaraq nümayiş olunub. Qeyd edilib ki, İsmayıllı, Qəbələ və Oğuz rayonları üzrə ümumilikdə 240 120 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Müşavirədə məlumat verilib ki, adları qeyd olunan rayonlar üzrə ümumilikdə 112 inzibati ərazi dairəsindən 98-nin xəritələri hazırlanaraq Milli Məclisinə təhvil verilib, 14 inzibati ərazi dairəsinin xəritələri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılma mərhələsindədir. Çıxış edən bələdiyyə sədrləri torpaq və əmlak idarəçiliyi sahəsində rastlaşdıqları çətinliklərdən, mövcud vəziyyətdən bəhs ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.