Gecə saatlarında yağan leysan yağışları Şəkidə bir sıra fəsadlar törədib. Kiş çayında suyun səviyyəsinin artması səbəbindən Kiş kəndi ilə istirahət mərkəzlərini birləşdirən kiçik körpünü su yuyub aparıb. Sel suları Qudula kəndi ilə Qaradağlı kəndini birləşdirən körpünü də yuyub, 10-dan artıq təsərrüfatı su basıb. Baş Göynük və Baş Zəyziddə kəndarası yol, 3 çay üzərindəki keçid də yararsız vəziyyətə düşüb. Bundan başqa, Baş Göynük kəndini Baş Şabalıd kəndi ilə birləşdirən körpü də qəzalı vəziyyətə düşüb, kəndlərarası əlaqə kəsilib...Yeri gəlmişkən, qeyri-sabit və yağıntılı hava nəticəsində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.