Bu gün Qəbələdı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Açılış mərasiminə baş prokuror Kamran Əliyev də qatılıb. Baş propkurorun sədrliyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xüsusi iclas da keçirilib. Qəbələ Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimində Baş prokuror Kamran Əliyev, digər dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Əvvəlcə iştirakçılar yeni inzibati binanın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin unudulmaz xatirəsinə ehtiramlarını bildiriblər. Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyev, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib.Daha sonra iştirakçılar Qəbələ Rayon Prokurorluğunun yeni binasında yaradılan şəraitlə tanış olublar. İkimərtəbəli binada vətəndaşların qəbul otağı, prokuror, prokuror köməkçiləri, müstəntiq və inspektorlar üçün otaqlar, kriminalistika otağı, kitabxana, yeməkxana, dəftərxana, arxiv və idman zalı yaradılıb. Qəbələ Rayon Prokurorluğu üçün müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və qurğuları ilə təchiz edilib, mebel və digər inventarlarla təmin olunub. Ardınca Qəbələdə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib. İclasa sədrlik edən Baş prokuror Kamran Əliyev Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu və əhəmiyyəti haqqında söhbət açıb, Ümummilli Liderin dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri və hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Xüsusi olaraq vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan Prokurorluğunun formalaşmasında rolu və əhəmiyyəti əvəzolunmazdır. İclasda “Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, “Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi”, “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi” mövzularında çıxışlar olub. Maraqlı müzakirələr şəraitində keçirilən tədbir Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.