Növbəti sujetdə əslində çoxlarımız keçmişə qayıdacağıq. Kimi uzaq keçmişə, kimi yaxın illərə. Qulağımıza ömürlük həkk olunan o səsin sorağı ilə. Bəli, son zəngdən danışıram.Bu gün ölkədə məzunlar üçün “Son zəng” çalındı. Əməkdaşlarımız məktəbə əlvida deyib, yeni həyata doğru yol alan məzunlarla həmsöhbət olub, onların həyəcanına ortaq olublar. Şəkidə keçirilən Son zəng tədbirlərindən maraqlı anları birlikdə izləyək... Şəkinin məktəblərində də bu gün \"Son zəng\" çalınıb. Rayon üzrə 1810 şagird orta təhsilini başa vuraraq, məzun adını alıb. Son Zəng tədbirləri rayonun bütün məktəblərində Elm və Təhsil Nazirliyinin tapşırıqları nəzərə alınmaqla keçirilib. Tədbir ümumi təhsil müəssisələrinin həyətyanı sahəsində təşkil olunub. Məzunlar, eləcə də birinci və dördüncülər mahnı və rəqslərdən ibarət bir-birindən maraqlı kompozisiyalarla tədbirə rəng qatıblar. Nə az, nə çox düz 11 il əvvəl ilk dəfə qədəm qoyduqları doğma məktəbdən indi elmə-savada yiyələnərək ayrılan məzunlar həyəcan və sevinclə yanaşı, həm də kədər hissi keçirirdilər. “Son Zəng” tədbirlərində həmçinin uğurları ilə seçilən məzunlar, eləcə də digər şagirdlər təbrik edilib, mükafatlandırılıb. Beləliklə, vaxt gəldi çatdı və məzunlar üçün sonuncu zəng çalındı... Qeyd edək ki, bu gün respublika üzrə 4 mindən çox məktəbdə sonuncu zəng çalınıb. 98 min 649 nəfər şagird, müəllimləri ilə vidalaşıb.