Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Zaqatalada “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans keçirilib. Tədbirdə DQİDK və Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, dini konfessiya, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.Çıxışlar zamanı Azərbaycanın müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verən ölkə olduğu vurğulanıb. Konfrans çərçivəsində din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verilib. Ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə toxunulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda formalaşan tolerantlıq və birgəyaşayış mühitinin ölkəmizi dünyada multikulturalizm mərkəzinə çevirdiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycanda radikal cərəyan mənsublarına qarşı mübarizədə bir sıra vasitələrdən istifadə edilir, ölkəmizdə bu sahədə praktiki yöndən işlər mühüm nəticələr verir. Dini maarifləndirmə işinin düzgün və səmərəli təşkili, cəmiyyətimizin müxtəlif din və millətlərin mənsublarının birgəyaşayış tərzinə olan münasibəti bu nəticələrin qazanılmasında həlledici rol oynayır.