Balakən rayonunda KOB dostu fəaliyyətə başlayıb. KOB dostu Balakən və ətraf rayonlarda yeni KOB subyektlərinin yaranmasına və biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına, maraqlarının müdafiəsinə dəstək göstərəcək, biznes fəaliyyəti barədə məlumatlandıracaq. Balakəndə KOB dostunun fəaliyyətə başlaması ilə əlaqədar bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbirdə sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi sahəsində ehtiyaclarına dair fikir və təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.Sonra Balakən KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, sahibkarlar KOB dostunun fəaliyyət göstərəcəyi ofislə tanış olublar.