Arxada qoyduğumuz həftə havaların qeyri sabit keçməsi, intensiv yağışlar səbəbindən bir çox yerlər sel təhlükəsi yaşanması ilə yadda qaldı. Göyçayda, Göygöldə, Biləsuvarda ciddi təbii fəlaətlər yaşandı. Nəticədə Göyçayda və Göygöldə 4 nəfər təbiətin şıltaqlığının qurbanı oldu, Biləsuvarın 3 kəndi isə təhlükəsizlik səbəbi ilə evakuasiya olundu. FHN və ETSN qeyri sabit havanın qarşıdakı günlərdə də davam edəcəyi və bir sıra yerlərdə sel, daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edib. “Davam edən intensiv yağışlar səbəbindən bir çox çaylarda gursululuq artıb. Hazırda biz Böyük Qafqazın dağ çaylarından biri olan Şəki şəhərinin şimal şərqində yerləşən Kiş çayındayıq. Ölkənin ən dağıdıcı çaylarından olan Kiş çayında sululuğun artmasını vizual olaraq görmək mümkündür. Bu isə ətraf ərazilərdə yaşayan sakinlər və çay ətraflarında dincəlmək istəyənlər üçün real təhlükə yaradır”. FHN və ETSN xüsusən çaylarda ciddi sel təhlükəsi olması ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, xüsusən Böyük və Kiçik Qafqazın ətəklərində yerləşən Şəki, Qəbələ, Quba, Qusar, Göygöl və digər rayonların ərazisindən keçən dağ çaylarında, potensial sel təhlükəsi gözlənilir. Ancaq bütün bu xəbərdarlıqlara baxmayaraq yeni başlayan turizm mövsümi ilə əlaqədar bölgələrə istirahət məqsədi ilə yollananların bu xəbərdarlıqlardan ya xəbəri yoxdur, ya da əhəmiyyət vermirlər. Milli hidrometeorologiya xidməti xüsusilə də son bir neçə gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, güclü külək əsəcəyini proqnozlaşdırır. Fövqəladə Hallar Nazirliyi isə əhaliyə bir daha müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.