Qəbələdə Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qüvvələri və xüsusi xilasediciləri bir araya gəlib. Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonunda keçirdiyi kompleks mülki müdafiə təlimlərində iştirakçıların fövqəladə vəziyyətə hazırlıq səviyyəsi yoxlanılıb. Qorxuya heç bir əsas yoxdur. Bu baş verənlər Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonunda keçirdiyi kompleks mülki müdafiə təliminin ssenarisidir. \"İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin mövzusunda təşkil olan təlimdə FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin \"xəbərdarlıq toplanış\" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması, təhlilinin aparılması, görüləcək qəza-xilasetmə işlərinin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Bundan əlavə, təlim iştirakçıları xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi, zərərçəkmiş əhalinin müvəqqəti olaraq təhlükəli zonalardan köcürülməsi və rayonun həyat təminatının bərpası tədbirləri də reallaşdırılıb. Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə FHN-in ümumilikdə 354 nəfər şəxsi heyəti və 53 ədəd texnikası cəlb edilib. Qeyd edək ki, bu kimi təlimlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.