Rayon Polis İdarəsinə Məhəmməd Abdullayev adlı şəxsin həyətində narkotik plantasiyası salması barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb. Məhəmməd Abdullayev saxlanılıb. Axtarış zamanı onun evindən çəkisi 248 kiloqram olan 350 çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulan marixuana tapılıb. Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs narkotik tərkibli bitkilərin toxumlarını qohumu Məzahir Soltanov adlı şəxsdən alıb. Məqsədi çətənə bitkilərini satıb varlanmaq olub. Qeyd edək ki, onun narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır. Axtarış əməliyyat tədbirləri ilə Rasim Yetimov da saxlanılaraq istintaqa təhvil verilib. Onu da qeyd edək ki, Rayon Polisinin son 1 ayda keçirdiyi əməliyyatlarla 16 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan götürülən müxtəlif növ narkotik vasitə, psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.