Şamaxıda “Sabir poeziya günləri” çərçivəsində elmi-praktik konfrans keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan konfrans Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyinə həsr edilib. Əvvəlcə rayon rəsmiləri, konfransa dəvət olunmuş mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət nümayəndələri M.Ə.Sabirin məzarını ziyarət ediblər.
Daha sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Dahi şairin həyat və yaradıcılığı ilə bağlı geniş məruzələr dinlənilib. Tədbirdə çıxış edənlər görkəmli sənətkarın satiralarını müsəlman şərqində bir intibah, oyanış kimi qiymətləndirərək, Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdırıblar.
Sabir yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğu vurğulanıb. Tədbir çərçivəsində yeni tərtibatda, qeyri-adi formada, 7 cilddən ibarət Hopopnamənin təqdimatı da keçirilib.