Yaz fəslində çiçəklərin açmasi ilə zəmilərdə möhtəşəm mənzərə yaranır. Xüsusilə də yol kənarlarında lalə, lavanda və digər çiçəklərin yaratdığı rəngarəng mənzərə yoldan keçənləri ayaq saxlamağa vadar edir. Təbii xalçaya bənzəyən laləli çölləri əməkdaşımız Cavanşir Seyfəddinoğlu kameranın yaddaşına köçürüb Bu möhtəşəm görüntülər Şamaxı rayonunda lentə alınıb. Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, Mirikənd kəndinin ətrafında sinəsi laləli sahələr görənləri heyran edir... Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən, cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr rayonun dörd bir yanında füsunkar mənzərə yaradıb. Yamyaşıl çəmənliklərdə boy verən lalələr yerli sakinlərlə yanaşı, qonaqların, yaradıcı insanların, bir sözlə böyükdən-kiçiyə hərkəsin diqqətini cəlb edir. Yoldan keçənlər ayaq saxlayıb şəkil çədirməyi də unutmurlar. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında isə bənövşəyi-parlaq lavandaların və digər bitkilərin yaratdığı özünə məxsus gözəlliklərdə baharın təravətli ətiri hiss olunur. Qeyd edək ki, Şamaxı rayonu flora və bitki örtüyü baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Azərbaycanda dağ çöl formasiyasının ən geniş areallarından biri də məhz bu rayonun payına düşür. #kanals#xəbər#lalələr#şamaxı