Şəkinin Qudula kənd məktəbində ötən gün 27 nəfərin zəhərlənmə ilə bağlı rayon mərkəzi xəstəxanasına müraciətindən sonra bu gün də evə buraxılan xəstələrin bəziləri yenidən xəstəxanaya aparılıb. Valideynlər iddia edir ki, dərmanlanma prosesi və sonra təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Şəki regional təhsil idarəsindən bildirilib ki, Qudula kənd orta məktəbindən götürülmüş müvafiq nümunələrdən müsbət cavab alınanadək məktəbdə tədris dayandırılıb. Keçirilməyən dərslər isə istirahət günlərində əvəzlənəcək. Respublikanın baş toksikoloqu isə zəhərlənmə faktının təsdiqini tapmadığını deyir. Beləliklə, hər bir halda görünən odur ki, dezinfeksiya işləri aparılan zaman elementar təhlükəsizlik qaydaları bilərəkdən və ya bilməyərəkdən kobud şəkildə pozulub. Xatırladaq ki, faktla bağlı hüquq mühafizə orqanları araşdırmanı davam etdirir. Müvafiq ekspertizalar təyin olunub. Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.