Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış təmsilçi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir. Tamaşada əsas rolları isə Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər. Şəhər rəhbərliyinin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi ilk tamaşa uğurlu keçib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı teatr kollektivinin yaradıcılıq uğurlarından danışıb və kollektivi təbrik edib.