Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb. 15 May – Beynəlxalq Ailə Günü münasibətilə Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi 52 il birgə ömür sürmüş Yunusovlar ailəsində qonaq olublar. Cəmiyyətin inkişafında ailənin yeri və rolundan danışılıb. Görüşdə ailənin başçısı Cuma Yunusov və ömür-gün yoldaşı Nazlı nənə ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının vacibliyindən söz açıblar. Qeyd edək ki, 4 övlad, 7 nəvə və 2 nəticəsi olan Yunusovlar ailəsi 52 ildir qarşılıqlı hörmət və məhəbbəti qoruyub saxlayaraq, ailə dəyərlərinin yaşadılmasında gənclərə, yeni qurulan ailələrə nümunə olublar. Ailənin bir övladı Telman Yunusov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Görüşün sonunda Yunusovlar ailəsinə, həmçinin yeni ailə həyatı quran gənclərə hədiyyələr təqdim olunub.