Şamaxıda İcra Hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər\" adlı elmi-praktik konfrans keçirilib. İştirakçılar öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirib. Sonra Heydər Əliyev ilinə həsr olunmuş film nümayiş olunub. Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. O sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz milli sərvəti, milli tərəqqi yoludur.