Əslində tibb məntəqəsi heç yoxdur desək, həqiqəti tam da əks etdirməz. Olmağına, sözdə məntəqə var. Amma həm şəraitinin yoxluğu, həm də sakinlərə uzaq olması imkanları əlverişsiz edir. Məntəqə keçmiş kolxoz binasının tərkibində yerləşir.Binada məntəqə ilə yanaşı bir neçə idarə də fəaliyyət göstərir. Nəzərə alsaq ki, məntəqələrə xəstə, səhhətində problem olan insanlar müraciət edir, bu zaman yoluxucu xəstəliyi olan şəxs digər idarə əməkdaşları üçün də təhlükə törədir. Problem sadəcə məntəqə binasının vəziyyəti ilə də bitmir. Tibb məntəqələrinin əksəriyyətində heç bir müasir avadanlıq, eləcə də dərman vasitəsi yoxdur. Odur ki, istər ilkin tibbi yardım tədbirlərinin göstərilməsi, istərsə də ən sıradan bir dərman preparatlarını ala bilmək üçün azı 20-25 km yol qət edib ya rayon mərkəzinə, ya da Qəbələyə getməli olur sakinlər. Bu məsafə şəxsi avtomobili olanlara elə də baha-başa gəlmir, amma gediş-gəliş üçün taksidən istifadə edənlər dərman almaq üçün əməlli başlı xərcə girir. Mövcud vəziyyət İstisu,Çayqovuşan,və Sumağanllı kəndlərində də yaşanır.İstisu kəndindəki tibb məntəqəsi baxımsızlıqdan qəzalı vəziyyətdədir.Bu da azmış kimi məntəqənin yerləşdiyi binada antisanitar vəziyyət hökm sürür. Sakinlər tibb məntəqələrinin bərpasını, ən kritik vəziyyətdə ilkin tibbi yardım almaları üçün kömək istəyirlər. Məsələ ilə bağlı TƏBİB-ə ünvadığımız sorğu isə cavabsız qalıb.