Şamaxının Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmayıb. Bu səbəbdən torpaq yatağı deformasiyaya uğrayıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Kənd sakinlərinin sözlərinə görə, yayda toz-dumandan, qışda isə palçıq əlindən yolda hərəkət etmək mümkün olmur. Yolun yararsız vəziyyətdə olması səbəbindən taksi sürücüləri də bu kəndlərə gəlməkdən ya imtina edir, ya da ki, baha qiymətə gəlirdilər. Sürucülərin sözlərinə görə Məlcək-Mirikənd-Qaravəlli kəndləri rayon mərkəzinə yaxın olsa da, onlar qısa məsafəni uzun müddətə qət edirlər. Bütün bu çətinliklər artıq geridə qalır. Avtomobil Yolları Dövlət Agentliyi Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunu yenidən qurur. Hazırda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Layihə çərçivəsində yolboyu torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun qurulması ilə 3 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, kənd əhalisinin rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə etməklə yetişdirdikləri məhsulları tez bir zamanda bazarlara çıxarmalarına şərait yaradacaq. Qeyd edək ki “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.