Cümə axşamı, 23 Fevral 2023 20:38

Xocalı faciəsi şahidlərin dilindən…

Xocalı rayon Kosalar kəndindən məcburi köçkün edilmiş Əliyevlər ailəsi illər ötməsinə baxmayaraq, hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər. Şəkinin Çələbixan qəsəbəsində məskunlaşan Nizami Əliyev deyir ki, hələ bu hadisələrdən illər öncə Xankəndi ipək kombinatında işləyəndə ermənilər dəfələrlə onları təhqir edərək çıxıb getməklərini istəyiblər. 90-cı illərin əvvələrində isə ermənilərin amansızlığı və cinayətlərinin sayı hər keçən gün artmağa başlayıb. O günlərə qayıdıb xatirələrini danışdıqca, müsahibimizin üzündə qəzəb cizgiləri yaranır. Onun yaşadığı Kosalara qonşuluqda yerləşən Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli və Qaradağlı kəndlərində erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı amansızcasına tutduğu divanın şahidi olub. Əliyevlər ailəsi hər il fevralın 25-dən 26-na keçə gecəni yata bilmədiklərini, qulaqlarından silah gurultusunun, insanların fəryad səsinin bu günə qədər getmədiyini deyirlər. Hadisələri nəql etdikcə qəhərlənən Nizami Əliyev deyir ki, faciənin səhəri günü yeznələrinin 4 yaşlı uşağı ilə girov düşdüyünü öyrənib. Kamal və qızı Afət girovluqdan Allahverdi Bağırovun sayəsində çıxarılır. Ancaq girovluqda aldığı işgəncə və travmalardan Kamal 2 il sonra dünyasını dəyişir. İbad Əliyev deyir ki, şahidi olduğu dəhşətli hadisələrdən, misilsiz vəhşiliklərdən hələ də özünə gələ bilmir. Əliyevlər ailəsi ermənilərdən qisas almaq , torpaqlarımızı azad etmək uğrunda 1994-cu ildə atəşkəsə qədər silahı əllərindən yerə qoymayıblar. Kiçik qardaşları milli qəhrəman Talib Əliyev vətən naminə şəhid olub. Vətən müharibəsində qazanılan qələbəsindən sonra onların yaralı, qisas hissi ilə alışıb yanan ürəklərinə su çilənib və gələcəyə ümidlə baxırlar. Ordumuzun parlaq zəfərindən sonra həmin torpaqlara qayıtmaq üçün gün sayırlar. Ailə üzvlərini, yaxınlarını, yurd-yuvasını itirərək köçkün həyatı yaşamağa məcbur edilmiş Xocalı sakinləri 31 ildir ki, beynəlxalq qurumların soyqırımına hüquqi qiymət verəcəkləri və faciəni törədənlərin cəzalanağı, ədalətin bərqərar olacağı günü gözləyir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S