Zaqatalanın Dağlı kənd sakinləri əraziyə mavi yanacaq çəkilmədiyindən hələ də odun, fındıq qabığı kimi alternativ yanacaq növlərindən istifadə edir. Qış üçün yanacaq təşkil etmək əlavə əziyyət və vaxt tələb etməklə yanaşı, həm də insanları maddi cəhətdən çətinliyə salır. Sakinlərin sözlərinə görə, hər il qış mövsümündə evlərini qızdırmaq üçün 1000 manatdan çox vəsait xərcləməli olurlar. 300-500 manata aldıqları bir maşın odun cəmi bir aya yetir. Üstəlik hər ay balon qazı və elektrik enerjisi üçün də əlavə pul xərcləməli olurlar. Məsələnin həlli ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edən sakinlər əraziyə mavi yanacağın çəkiləcəyi günü səbrsizliklə gözləyirlər. Azəriqaz İB-dən isə sorğumuza cavab olaraq regionların qazlaşma prosesinin davamlı şəkildə həyata keçirildiyi bildirildi. Belə görünür, Qafqazın ətəyində yerləşən Zaqatalanın Dağlı, Gözbarax və Mamrıx kəndləri də ən azından növbəti illərdə mavi yanacağın istisinə qızına biləcəklər. O zamana kimi isə səbr etmək qalır.