Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışında şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb. Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Ərəstun Osmanlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirlərkən orada gizlətdiyi 435 qram marixuana götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı Ə.Osmanlının üzərindən aşkarlanan 2 sellofan torbadakı marixuananı 110 manat müqabilində Samit adlı şəxsdən aldığı müəyyən edilib. Davam etdirilən əməliyyatla narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Samit Abdurəhmanov tutulub. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 15 bükümdə, yaşadığı evin həyətyanı sahəsindəki toyuq hinindən isə yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Samit Abdurəhmanov saxlanılan zamanı onun sərnişin qismində olduğu “VAZ-2107” markalı avtomobilin sürücüsü Tural Alıyev də şübhəli şəxs qismində saxlanılıb. Onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında gizlətdiyi narkotik vasitə olan marixuana maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılanların ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.