Yolumuz Qobustan rayonunun Sündü kəndində tarixi min illəri əhatə edən qədim mağaralaradır. Sündü Qobustan rayon mərkəzindən 16 km şimal-qərbdə, başdan-başa əkin sahələrindən ibarət münbit yaylalar qoynunda yerləşən və qədim tarixi olan bir kənddir. Ətrafdakı sıldırım yamaclı təpələr, dərin yarğanlar bu kəndin ecəzkar təbiətinin yalnız bəzi cizgiləridir.Qarlı havada bir qədər piyada yol qət etdikdən,dərədən,təpədən keçdikdən sonra sirli mağaralara yetişirik. Bələdçilərimizdən öyrənirik ki, xususi ilə yay aylarında yerli və xarici turistlər bu yerlərə üz tutaraq mağaralarda ocaq yandırıb,süfrə açıb, özləri ilə gətirdikləri yemək-içməklə o tarixi dövrü canlandırmağa çalışanlar da az deyil. Möhtəşəm və heyrətamiz qayalar üzərində olan bu mağaralardakı iç-içə oyma otaqlar qədim insanların yaşam tərzini və özünə necə ev qurduğunu əyani şəkildə nümayiş etdirir. Təəssüf ki, təbiət hadisələri səbəbindən bəzi mağaralarda aşınmalar qeydə alınıb.Amma buna baxmayaraq, bizim eradan əvvəl yaşamış əcdadlarımızın yadigarı olan mağaralar hələ də, öz görkəmini qoruyub, saxlamaqdadır.Kənd ərazisində bir, iki və üç otaqdan ibarət olmaqla ümumilikdə 14 mağara mövcuddur. Sündüdə az qala hər daş, hər qarış torpaq bir tarixdir. Burda sasani hücumlarının da, xəzər-hun basqınlarının da, ölkədaxili feodal müharibələrinin də izlərini görmək mümkündür.Eyni zamanda bu mağarlardan yerli sakinlər 1918-ci ilin aprel qırğınları zamanı sığınacaq kimi də istifadə ediblər. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, qaçaraq canını qurtarmağa fürsət tapmayan 295 nəfəri qətlə yetiriblər. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli hesab edir ki,bu tip mağaralar qorunub saxlanılmaqla yanaşı həmçinin elmi araşdımalara ,arxeloji tədiqatlarların aparılmasına ehtiyacı var. Hər hansı böyük bir ekspedisiya bunun üzərində işləmiyib,amma müxtəlif vaxtlarda kəşfiyyat xarakterli baxışlar olub hələ bu 20 ci illərdə 1920 - 1930 cu illərdə hesabatlarda bu haqda məlumatlar var.