Gəncə sakinləri Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım edirlər. Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələn insanlar lazımı ləvazimatları qonşu ölkəyə göndərirlər.
Kampaniyaya İmişli sakinləri də qoşulub. İmişli rayon Mədəniyyət mərkəzində qərargah yaradılıb. Dəstək kampaniyasına qoşulan vətəndaşlar isti geyimlər, həmçinin müxtəlif zəruri əşyalar gətirərək qərargaha təhvil verirlər.
Lənkəranlılar da qardaş ölkədəki vəziyyətə biganə qalmır. Adi vətəndaşlarla yanaşı, yerli sahibkarlar isti geyimlər, yataq dəstləri, yorğan-döşəklər, zəruri məişət avadınlıqları, qızdırıcılar, tibbi ləvazimatları toplayaraq zəlzələdən ziyan çəkənlərə göndərirlər. Humanitar yardıma Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və digər rayon sakinləri də qoşulublar.
Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə yardım toplamaq üçün Qaxda da bir neçə ünvan ayrılıb. Səhər saatlarından başlayan yardım kampaniyası çərçivəsində ilk Tır qardaş öljəyə yola düşüb. Türkiyə üçün həmrəy olan Qax sakinləri yardım üçün hər zaman hazır olduqlarını söyləyiblər.
Zaqatalalılar da zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar. Aksiyada rayonda yaşayan bütün xalqların nümayəndələri yaxından iştirak edirlər. Vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.
Şəkidə də yardımların toplanması üçün xüsusi məntəqə yaradılıb. Toplanan əşyalar əsasən qış geyimləri, yorğan-döşək, quru yeməklərdir. Sakinləri bu humanitar aksiyaya fəal qoşularaq, hər zaman Türkiyənin yanında olduqlarını bildirirlər. Yardım aksiyaları davam edir.