29 yanvar-4 fevral tarixlərini əhatə edən təlimlər xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə üzrə keçirilir. FHN-in müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər təlimə cəlb edilib. Məqsəd mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsidir. Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib. Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunur. Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca altıncı təlimdir.