Nailə Məmmədova 70 ildir ki, Göylərdə yaşayır , kəndin ən yaşlı sakinlərindən biridir. Nənə deyir ki, kiçik yaşlarından indiyədək kənddə su olmadığından hamı kimi o da bulaqlardan su daşımğa öyrəşib. Bulaq da yaşadığı evdən nə az, nə çox 1 km aralıda yerləşir.Məsafənin uzun olmasına baxmayaraq o, çiynində güyüm,əlində su qabı gündə ən azı 3,4 dəfə bulaqdan su gətirir. Nailə nənə deyir ki, gündə ən çoxu 20 litr su daşıya bilir. Özümüz içməyə su tapmırıq deyə, mal-qara da susuzluqdan qırılıb batır. Daşıdıqları su içməyə, yeməyə, paltar yumağa ancaq çatır. Göylər elə adı kimi yüksək zirvələrdə, dağlar qoynunda olmasına baxmayaraq, uzun illər davam edən susuzluq problemi sakinləri çıxılmaz vəziyyətə salıb. Deyirlər, ümid ən sonda ölür, amma onlar mövcud vəziyyətə o qədər qatlaşıblar ki, ümidləri belə qalmayıb. Problem həll olunması bir yana, getdikcə dərinləşir, bulaqlar çoxdan qurumağa başlayıb. Bəlkə də artıq həyəcan təbili çalmağın vaxtıdır. Kənd bələdiyyəsinin sədri problemin kökündən həlli üçün külli miqdarda vəsait lazım olduğunu bildirib.