Naxçıvan-Bakı avtobusunda 6 kiloqramdan çox narkotik aşkar edilib. “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantaya baxış keçirilib. Bu zaman çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 kq 6 q qram olan psixotrop maddə-metamfetamin və 4 kq 328 qram narkotik vasitə-heroin aşkarlanıb. Həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb, idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,64 q olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub. Qubada narkokuryerliklə məşğul olan şəxs saxlanılıb. Abşeron rayon sakini Vasif Hacıyev narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşıması ilə məşğul olub. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İsmayıllıda da narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs ifşa olunub. Şəhər sakini Elnur Mahmudovun evindən 3 kiloqrama yaxın qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin becərmə vaxtını ötən ilin yay aylarında narkotik tərkibli bitkilərdən əldə etdiyini deyib. Hər 3 faktla bağlı araşdırmalar davam etdirilir.