Seminarda mütəxəssislər tərəfindən budamanın aparılma qaydaları əyani olaraq femerlərə göstərilib və tənəklərin aqronomik qaydalara uyğun aparılması tövsiyə olunub. Məlum olub ki, keçən ilki quru budamada ciddi nöqsanlara yol verən fermerlərin üzüm bağlarında məhsuldarlıq xeyli aşağı olub. Seminarda əsas məqsəd İsmayıllı rayonunda elmi-praktiki tövsiyələrə ehtiyacı olan fermerlərin istehsal prosesini mütamadi izləyərək onların qarşılaşdığı problemlərin həllinə, həmçinin becərmə texnologiyalarının, mühafizə tədbirlərinin düzgün həyata keçirilməsinə köməklik göstərməkdən ibarət olub. Vurğulanıb ki, üzümçülükdə ən vacib və mürəkkəb aqrotexniki tədbirlərdən biri də quru budamadır. Quru budama üzümün sort xüsusiyyətindən, tənəyin becərildiyi şəraitdən, torpağın münbitliyindən, tənəyin formasından, məhsulun istifadə istiqamətindən, becərilmə texnologiyasından və s. asılı olaraq aparıldığından bəzi hallarda üzümçü fermerlərimiz düzgün budamada çətinliklə qarşılaşırlar. Budama zamanı optimal yük normasının müəyyən edilməsi məhsuldarlıq və məhsulun keyfiyyətinə, tənəyin konkret şəraitdə inkişafına, ekoloji risk amillərinə, xəstəlik və zərərvericilərə davamlılığına müsbət təsir göstərir. Əks təqdirdə budama zamanı tənəyə az və ya çox gözcük yükünün verilməsi ciddi fəsadlara gətirib çıxarır. Tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülməlidir.