Şəkidə yol hərəkəti iştirakçılarının qaydalara nə dərəcədə əməl etməsini öyrənmək üçün yollarda qısa bir müşahidə apardıq. Qarşılaşdığımız mənzərələrdən biri sürücülərin keçiddə olan piyadalara yol verməməsi idi. Sürücülərlə yanaşı, piyadalar da yol hərəkəti zamanı qaydaları ciddi şəkildə pozurlar. Təəssüf ki, piyada keçidi, zolağı olan yerlərdə belə yolu kənardan, avtomobillərin arasından, bir sözlə, qadağan olunan yerlərdən keçənlər az deyil. Hətta 3-5 metr məsafədən belə piyadalar keçidə qədər getməyə və zolaq üzərindən keçməyə inciyirlər. Sorğudan da göründüyü kimi sürücülər və piyadalar bir birini qaydalara əməl etməməkdə ittiham edir. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların arasında intizamın möhkəmləndirilməsi məqsədilə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən mütamadi olaraq profilaktiki tədbirlər keçirilir. Piyadaları isə yolu müəyyən edilməmiş yerlərdən keçdikdə 20 manat cərimə gözləyir. Qeyd edək ki, piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə şəhərdə 3 müxtəlif ərazidə səsli işıqfor da quraşdırılıb.Bu qurğu həm görmə məhdudiyyətli piyadalar, həm yol hərəkət qaydalarını tam bilməyən balacalar, həm də fikirli halda yolu keçmək istəyənlər üçün xatırlatma edir.