Cümə, 20 Yanvar 2023 22:03

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub...

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü Lənkəran şəhərində izdihamla qeyd olunub. Səhər saatlarından başlayaraq idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə həmvətənlərimiz “Şəhidlər abidə kompleksi”ni ziyarətə gəliblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra mərasim iştirakçıları abidə önünə gül-çiçək dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhid soydaşlarımızın əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra Lənkəran Dövlət Dram Teatrında aktyorların ifasında şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib. Ardınca 20 yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarının çıxışları dinlənilib, şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümündə salyanlılar 20 Yanvar şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Rayon rəhbəri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri şəhidlərin abidəsi önünə tər qərənfillər düzüb, ruhlarına dərin ehtiramlarını bildiriblər. Sonra 20 Yanvar şəhidi Elçin İmanovun məzarı ziyarət olunub üzərinə gül-çiçək dəstələri düzülüb. Ardınca 1-ci və 2-ci Qarabağ savaşında şəhid olan soydaşlarımızın məzarları ziyarət olunub, ailələri ilə görüş keçirilib. Saat 12:00-da Salyanda da 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhərin küçələrində hərəkət dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Daha sonra Salyan rayon İcra Hakimiyyətində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki,dahi rəhbər Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 

Şamaxıda da  20 Yanvar faciəsinin 33-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.Rayon rəsmiləri və ictimsiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Faciə qurbanlarının ruhlarına dualar oxunub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaxda da 20 Yanvar Şəhidləri yad edildi. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarı üstünə və 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyub. Ardınca Qax rayon YAP təşkilatının inzibati binasında 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Çıxış edənlər bildirib ki, xalqımızın qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq, xalqımız bu tarixi unutmur, faciə qurbanlarını dərin hüznlə anır. Daha sonra isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zaqatala rayonununda da Qanlı Yanvar faciəsinin 33-cü il dönümü qeyd edilib. Tədbir şəhər qəbirstanlığında Vətən uğrunda candan keçən şəhidlərin qəbirlərinin ziyarəti ilə başlanılıb. Daha sonra rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər və Zəfər xatirə komplekslərini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Ardınca keçirilən konfransda bildirilib ki, həmin gecə Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimiz ölümləri ilə ölməzliyə qovuşaraq, tariximizin ən parlaq səhifəsini yazdılar.  

Şəkidə də xalqımızın and yerinə çevrilən şəhidlərimizin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad olunub. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, o cümlədən Kanal S-in kollektivi 20 Yanvar şəhidlərinin abidəsi önünə təzə tər qərənfillər düzərək, şəhidlərin ruhunu ehtiramla yad ediblər. Eyni zamanda, Vətən uğrunda canından keçən digər qəhrəmanlarımızın da qəbirləri ziyarət edilib, ruhlarına dualar oxunub. Həmçinin rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayrağı endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S