Qax Polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub. Əvvəlcə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər, Balakən və Zaqatala rayon sakinləri- Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və Elnur Tağıyev saxlanılıb. Onlardan heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Həmin şəxslərin narkotik vasitəni Qax rayon sakini Vüqar Osmanovdan aldıqları müəyyən edilib. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Vüqar Osmanov da şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, metamfetamin, narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb. Faktlarla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.