Qaxdan daha bir maraqlı xəbərimiz var.. Belə ki, qışın oğlan çağında, şaxtalı havada bayıra belə çıxmağa ehtiyat etdiyimiz bir vaxtda Qax sakini etdiyi hərəkətlə hər kəsi heyrətləndirib. Ağçay kəndinin sakini, 46 yaşlı Zaur İsaqov çöl şəraitində, mənfi 10 dərəcə şaxtada dağ çayında çimib. O, isinmə hərəkətləri edib, qar vannası qəbul etdikdən sonra buz bağlamış suya girib. Uzun illərdir əlbəyaxa döyüş növləri üzrə idmanla məşğul olan Zaur İsaqov hər il qış aylarında ən azı iki dəfə buz kimi suda yuyunduğunu bildirib. İdmançı onu da qeyd edib ki, qış aylarında dağ çayında çimmək dənizə, axmaz sulara nisbətdə çox çətindir. Dağ çayının suyu həddindən artıq soyuq olur.